Fasad işıqlandırması iki səbəbdən səhv gedir: ya məhsul açıq hava şəraitinə uyğun seçilmir, ya da işıq binanın memarlığını nəzərə almadan yerləşdirilir.
1. Qorunma dərəcəsi (IP)
Fasadda quraşdırılan korpuslar üçün minimum IP65 tələb olunur. Yerə basdırılan uplight-larda isə su toplanması ehtimalı olduğu üçün daha yüksək qorunma lazımdır. Ucuz korpuslarda ən tez sıradan çıxan hissə kabel keçidinin kip bağlantısı olur.
2. İşıq bucağı və effekt
- Grazing — korpus divara çox yaxın qoyulur, işıq səth boyunca sürüşür və fakturanı (daş, kərpic, beton) kəskin göstərir.
- Wall washing — korpus divardan aralı qoyulur, işıq səthi bərabər örtür. Səliqəli, hamar fasadlar üçün.
- Up/down — divar korpusu yuxarı və aşağı iki zolaq verir. Giriş və perimetr üçün ən çox istifadə olunan həll.
- Projektor — uzaqdan konkret hissəni, sütunu və ya girişi vurğulayır.
3. Korpus materialı
Dəniz yaxınlığında və nəm mühitdə korrroziya əsas problemdir. Alüminium korpuslarda örtük keyfiyyəti, vintlərin materialı və möhürləmə həlledicidir.
4. Kabel çəkilişi əvvəlcədən planlaşdırılmalıdır
Ən çox rast gəlinən problem budur: fasad bitir, sonra işıq düşünülür və kabel çəkmək üçün səthi pozmaq lazım gəlir. İşıqlandırma tikinti mərhələsində planlaşdırıldıqda həm daha səliqəli, həm də daha ucuz başa gəlir.
5. Qonşuya və pəncərəyə düşən işıq
Yuxarı istiqamətli işıqlar yaşayış binalarında pəncərələrə düşməməlidir. Kölgələndirici (shield) elementlər və düzgün bucaq bu problemi həll edir.
- Minimum IP65, yerə basdırılanlarda daha yüksək
- Fasadın materialına uyğun effekt seçin
- Kabel yollarını tikinti mərhələsində planlaşdırın
- Drayverlərə xidmət üçün əlçatan yer saxlayın
- Bütün korpuslarda eyni rəng temperaturu istifadə edin




